thumb
  • İstixana
  • 24-02-2025

Tuta Absoluta haqqında bilməli olduğunuz hər şey

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) ötən illərdə Azərbaycandan pomidor idxalını dayandırıb. Buna səbəb kimi ölkəmizdən ixrac olunan pomidorlarda Cənubi Amerika mənşəli tuta absoluta (pomidor minalayıcı güvəsi) zərərvericisinin olması göstərilib. İstixana və əkin sahələrində rastlanan bu zərərverici çox böyük dağıdıcı gücə sahib olmaqla bərabər sürətli yayılma xarekteri ilə digər zərərvericilərdən fərqlənir. Bu səbəbdən fermer və istixana yetişdiricilərinin bu haqda detallı məlumata sahib olması vacibdir. Bu məqalədə tuta absolutanın bioloji əlamətləri, zərərləri və nəzarət metodları barədə geniş məlumatlar əldə edə bilərsiniz.

 

Tuta Absoluta Nədir və Qısa Tarixçəsi

 

Tuta absoluta və ya pomidor minalayıcı güvəsi pomidorlar üçün ən təhlükəli zərərvericidir. Bu zərərvericiyə həm istixanalarda, həm də açıq əkin sahələrində rast gəlinir. Pomidordan başqa badımcan, bibər, kartof, tütün və s. kimi bitkiləri zədələyə bilir. Tuta absoluta bütün həyat mərhələlərində bitkilərə böyük ziyanlar vura bilmə bacarığına sahibdir. Məhsulun 60-100 faizini məhv edə bilər.

Pomidor minalayıcı güvəsi bitki, meyvə və əkin materiallarının başqa yerlərə daşınması hesabına zərərverici öz arealını genişləndirir. Vətəni Cənubi Amerika olan bu zərərverici 2006-cı ildə İspaniyada ilk dəfə aşkarlanmasından sonra sürətlə Cənubi Avropa və Şimali Afrikada yayıldı. Bundan sonra Türkiyədə (2009) rast gəlinən tuta absoluta Yaxın Şərq ölkələrinə də yayılaraq dünya pomidor istehsalı üçün əsas təhlükələrdən biri halına gəldi. Afrika ölkələrinə yayılma Misirdə başlamış və çox böyük ərazini əhatə etmişdir. Cənub və Cənub-Şərqi Asiya da artıq bu zərərverici ilə mübarizə aparır.

Avropa, Afrika və Asiyada tuta absolutanın yayılması geniş iqtisadi zərərlərə səbəb olmuşdur. Məhsulun 100 faizinin itirilməsi, pomidor qiymətlərinin yüksəlməsi, pomidor və onun ştilinin ticarətinə qadağalar, sintetik pestisidlərin istifadəsinin çoxalması, bitki qorunması xərclərinin artması bu zərərvericinin səbəb olduğu ziyanlardan sadəcə bəziləridir. İqtisadi zərərlərə ən böyük nümunələrdən biri zərərvericinin təkcə Qara Afrikasında (Böyük Səhradan cənubdakı Afrika ölkələri) hər il 13 milyard dəyərində məhsul itkisinə səbəb olmasıdır.

 

Bioloji Təsviri

 

tuta absoluta life cycle

Zərərvericinin həyat dövrü dörd mərhələdən ibarətdir; yumurta, sürfə, pup və yetkin forma

Yumurta: Yumurta: Yumura 0.3-0.5 mm ölçülü, kremi-sarı rəngli və silindirik formalıdır. Yetkin tota absoluta yumurtalarını əsasən yarpaqların alt hissəsinə qoyur. Lakin bu o demək deyil ki, pomidor minalayıcı güvənın yumurtaları yalnız yarpaqlarda olur. Hesablamalara görə pomidor bitkisində bu zərərvericinin yumurtalarının 73 faizi yarpaq, 21 faizi zoğ, 5 faizi tumurcuq yarpaqları və 1 faizi yaşıl meyvə üzərində olur. Yumurta mərhələsinin müddəti 7 gün davam edir.
 

 

tuta absoluta life cycle

 

Sürfə: Yumurtadan çıxan cavan sürfələr bitki yarpaqlarına, zoğ və ya meyvələrə nüfuz edərək oradan qidalanır və inkişaf edirlər. 4 yaş mərhələsi keçirir və ilk yaşında 0.9 mm olan sürfələr son yaşlarında 7.5 mm-ə qədər böyüyə bilirlər. Yumurtadan yenicə çıxmış tırtılın başı tünd qonur, bədəni yaşıl rəngli olur. Yaşıl rəng sürfə inkişaf etdikcə açıq çəhrayıya çevrilir. Sürfə mərhələsinin müddəti 11-15 gün davam edir.

 

tuta absoluta life cycle

 

Pup:  Pup ilk başlarda yaşılımtıl olsa da, yetkinliyə mərhələsinə yaxınlaşanda açıq şabalıdı rəngə dönür və uzunluğu 6-8 mm olur. Puplara əsasən yetişdirmə səthində (torpaq və ya substratda), yarpaqlarda və zərərvericinin əmələ gətirdiyi minalarda rast gəlinir. Çox az hallarda bitkinin çiçək, meyvə və zoğlarında pup yaşayır. Pup mərhələsinin müddəti 9-11 gün davam edir.

 

tuta absoluta life cycle

 

Həşərat (yetkin forma): Ziyanvericinin yetkin forması gümüşü-sarı rənglidir və qanadlarının üstündə qara nöqtələr var. Əsas fərqləndirici xüsusiyyəti sapşəkilli antenasının olmasıdır. Bədən uzunluğu 6-7 mm, qanadının açıq haldakı uzunluğu isə 10-12 mm-dir. Xarici görünüş cəhətdən kartof güvəsinə xatırlatsa da, ölçü olaraq kartof güvəsindən kiçikdir. Bundan başqa xarici görünüşü zərərvericinin meyvə və bitkilər arasında aşkarlanmasını çətinləşdirir.

 

tuta absoluta life cycle

 

Tuta absolutanın kəpənəyi yazın erkən vaxtlarında uçmağa başlayır. Əsasən səhər alatoranda və gün batımından sonra ortaya çıxır, gündüzlər isə yarpaqların arasında gizlənir. Zərərverici uçmağa başladıqdan 3-4 gün sonra yumurta qoyur. Bütün ömrü boyu 250-300 yumurta qoyma qabiliyyətinə sahibdir. Dişi həşəratlar erkəklərdən daha geniş və həcmli olur. Dişilərin ömrü 10-15 gün olduğu halda bu rəqəm erkəklərdə 6-7-dir.
Müxtəlif faktorlar zərərvericinin həşərat olmasına təsir edə bilir. Tempratur amili güvənin inkişaf, yaşama və çoxalmasına təsir etdiyindən ən önəmli faktor hesab olunur. Müxtəlif temperaturlarda Tuta absoluta həyat dövrünün müddəti:
14°C - 76 gün
20°C - 24 gün
27°C - 24 gün

Zərərləri

 

Pomidor bütün inkişaf mərhələlərində bu ziyanvericinin hücumuna məruz qala bilər. Bu hallar düzgün idarə olunmadığı təqdirdə bütün məhsulun itkisi ilə nəticələnə bilər. Tuta absoluta bitkinin yarpaq, gövdə, çiçək, təpə tumurcuğu, yaşıl və yetişmiş meyvələrinə zərər verir. Sürfələri qeyd olunmuş hissələrdə əyri yollar açırlar. İlk vaxtlarda yarpaq epiderması arasında qidalanan sürfə nekrotik ləkələrə sahib olur. Sonra isə meyvəyə daxil olaraq oradan bəslənməyə başlayır və meyvəyə zərər verir.

Zərərvericinin sürfəsi yarpaqları minalayaraq ləkələrə sahib olur. Bir və iki yaşlarında olan sürfələr yarpaq mezafili ilə bəslənir və yarpaqlarda ləkəyə bənzəyən lağımlar açır. Bu da yarpağın qurumasına səbəb olur. Müxtəlif infeksiyalar bitkinin fotosintez fəaliyyətlərinin zəifləməsinə səbəb olur və bu da bitkini zəiflədir.

 

tuta absoluta life cycle

 

Bitkilərdə sürfələrin daxil olduğu və çıxdığı deşiklər əmələ gəlir. Bundan başqa anormal meyvə formaları olur. Qeyd olunan deşiklər və qurumuş zərərverici ifrazatı (bitki yeyən həşəratların bitki hissələrini həzm etdikdən sonra tullantı kimi keçdiyi incə toz material) güvəli meyvələrin əsas xüsusiyyətləridir. Son olaraq tuta absolutanın meyvədə açdığı əyri yollar patogenlərinin içəri daxil olaraq meyvəni çürütməsi ilə nəticələnir.

tuta absoluta life cycle

 

 

Nəzarət üçün Tövsiyələr

 

Havaların qızmasıyla bütün zərərvericilərin sayında artım müşahidə olunur. Əkinçilər bunlar üçün qabaqlayıcı addımlar atmasalar, çox böyük maliyyə itkisi ilə üzləşə bilərlər. 25-30 dərəcə temperaturda tuta absoluta ildə 10-12 nəsil verir. Bu fakt zərərvericinin nə qədər sürətli yayıldığını anlamaq üçün kifayətdi. Bu səbəbdən onunla mübarizə çox sürətli və effektiv şəkildə olmalıdır. 100 bitkidən 3-də yumurta və ya sürfə varsa, dərhal buna qarşı tədbirlər görmək lazımdır. Tuta absoluta ilə mühit, mexaniki, bioloji və kimyəvi nəzarət üsulları ilə mübarizə etmək olar.

Mühit Nəzarəti. Şumlama, yetərli sulama və gübrələmə, bitki rotasiyası (növbəli əkin), düzgün günəşləndirmə, simptomlu yarpaqların aradan qaldırılması və infeksiyalı bitkilərin məhv edilməsi güvəyə qarşı tətbiq edilən mühit nəzarət metodlarındandır. Əkin dövrlərində torpaq şumlanmalı, günəşləndirilməli və plastik neylonla örtülməlidir. Bitki və meyvələrdə ilk zərər əlamətlərini aşkar etmək üçün davamlı olaraq yoxlama həyata keçirmək lazımdır. Zərər çəkmiş bitkilərin təmizlənməsi və yığımdan sonrakı bitki qalıqlarının və meyvələrin tamamilə məhv edilməsi labüddür. İstixanalarda tuta absoluta populyasiyasının ilkin səviyyəsini azaltmaq üçün istifadə olunan idarəetmə üsullardan biri də yetkin formadakı zərərvericilərin açıq sahə əkinlərinə köç etməsinin qarşısını almaq üçün istixanaların məhsul yığımından sonra bağlı saxlanılmasıdır.
Yuxarıda qeyd olunanlardan savayı istixana strukturunun düzgün qurulmasıdır önəmli amillərdən biridir. İstixananın iki girişinin və dizinfeksiya otağının olması, alaq və digər otların bitməməsi üçün keyfiyyətli yer örtüyü və böcək tülündən istifadə mütləqdir. Ştil və toxumların xüsusi qorumalı yerlərdə böyüdülməsi zərərvericisiz bitkilər əldə etmək üçün vacibdir.
 

 

Mexaniki Nəzarət. Əsasən mexaniki nəzarət metodu həşəratın cinsi feromonlarından istifadədir. Cinsi feromonlar, eyni növdən olan qarşı cinsi cütləşməyə cəlb etmək üçün bir orqanizm tərəfindən buraxılan kimyəvi siqnallardır. Bitkilərin əkimindən iki həftə əvvəldən feromon tələləri (1 - 4 / ha) yerləşdirilməlidir. Açıq tarlalarda hər hektara 2-3 tələ, istixanalarda isə hər hektara 1-4 tələ tövsiyə olunur. Cazibə septasın effekti 4 həftə davam edir. Tələnin hündürlüyü bitkinin böyümə dövrünə uyğun olaraq təyin edilməlidir. Məhsul yığımından sonra tələnin istifadəsi 3 həftə müddətində davam etməlidir. Bu sahədə qalan erkək güvələrin məhvi üçün edilir.

 

tuta absoluta life cycle

 

Hər həftə hər tələdə 3-4 güvə olduğu təqdirdə kütləvi tələləmə aparılmalıdır. Kütləvi şəkildə tələləmə üçün hər hektara 20-40 fenomon tələsi qurmaq və ya hər hektara 100 damcı (hər 10 metrdən bir) fenomon geli tökmək olar. Əgər əkinçinin məqsədi zərərvericilərin hansı istiqamətdən yayıldığımı və ya gəldiyini tapmaqdırsa, bu zaman sahənin dörd kənarı boyunca əlavə iki tələ qoyula bilər.
 
Bioloji Nəzarət. Bioloji nəzarət ziyanvericinin yırtıcıları vasitəsilə aparılır. Yəni tuta absoluta ilə qidalanan həşəratlar əkin sahəsinə buraxılır və bu yırtıcılar pomidor güvəsini məhv edir. Kommersiya məqsədli və geniş istifadəsi mövcud olan tuta absoluta yırtıcıları yarpaq parazitləri olan Nesidiocoris tenuis, Pseudo Apanteles, Podisus və Macrolophus pygmaeusdır. Bundan başqa 1 yaşlı sürfələri məhv etmək üçün Trichogramma and Bacillus thuringiensis (Bt) bakteriyalarından yararlanmaq olar.
biological control for tuta absoluta
Pomidor minalayıcı güvənin yumurta, sürfə və həşəratlarının nəzarəti üçün Metarhizium anisopliae, Beauveria bassiana və Steinernema feltiae kimi maya və kif kimi mikroorqanizmlərdən istifadə olunur. Bioloji nəzarətin məhdudluğu populyasiyalar çox olduqda yavaş və səmərəli olmamasıdır.
 
Kimyəvi Nəzarət. Kimyəvi preparatlar vasitəsi ilə mübarizə aparılarkən təkcə bitki yox ətraf mühit də dərmanlanmalıdır. Tuta absolutaya qarşı bir çox insektisidlər istifadə olunur, misal olaraq spinosin, indoksakarb, abamektin, kiromazin, emamektin benzoate və s.

Bitkilərdə sürfə aşkarlandıqda aşağıdakı pestisidlər istifadə olunur:

 

 

tuta absoluta life cycle

 

* PHİ pestisidin vurulduğu tarixlə məhsulun yığılma tarixi arasındakı minimum vaxtdır

Bundan başqa hər bitkiyə Dipel DF, Turex və Costar kimyəvilərinin qarışımı spreylənə bilər. Bunun için qeyd olunan kimyəvi qarışımın 2 qramını bir litr suda qarışdırmaq və hər bitkiyə 20 ml səpmək kifayətdir. 100 litr suya bu kimyəvi qarışımın minimum 50, maksimum isə 200 qramı qoşula bilər.
Zərərverici əleyhinə bir çox pestisidlər olsa da, sürfələrin sirli təbiəti səbəbindən bir çox pestisidlər az və ya orta dərəcədə faydalı olur. Bundan başqa yüksək çoxalma potensialına malik olduğundan güvə sürətlə mutasiya edir və bu da pestisid dözümlü populasiyaların inkişafına gətirib çıxarır. Bəzi ölkələrdə zərərverici orqanofosfat, piretroid, kartaq, permethrin və spinosad kimi pestisidlərə müqavimət göstərə bilir. Buna görə də müvafiq dövlət orqan və ya agentlikləri tərəfindən pestisidlərin effektivliyinin yerli qiymətləndirilməsinin aparılması vacibdir.
Fermerlərə Pomidor minalayıcı güvəsi aşkar edildikdə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına, rayon bitki mühafizəsi mərkəzlərinə müraciət olunması tövsiyə olunur.